Bakı. Trend:
İranın “Virtual Dünya Ali Şurası” ilk addım olaraq ölkədə ən çox istifadə olunan “Whatsapp” və “Google Play” platformalarına tətbiq olunan məhdudiyyətin ləğv edilməsinə qərar verib.
Bu barədə Trend İran Prezidentinin informasiya portalına istinadən məlumat verib.
Bildirilib ki, ötən gün İran prezidenti Məsud Pezeşkian, Parlament Sədri Məhəmməd Baqir Qalibaf və Məhkəmə Sisteminin sədri Qulamhüseyn Mohsen Ejeyinin başçılığı ilə “Virtual Dünya Ali Şurası”nın iclası keçirilib.
İclasda virtual sahədə bir sıra məhdudiyyətlərlə bağlı siyasətlərə yenidən baxılması diqqət mərkəzində saxlanılıb və aidiyyəti qurumların rəyləri irəli sürülüb.
İclasda, həmçinin, yerli platformaların dəstəklənməsi qeyd olunub.
Qeyd edək ki, ötən illər ərzində İranda baş verən sosial etirazlar fonunda əksər xarici platformalara və tətbiqlərə məhdudiyyətlər tətbiq edilib. Hazırda sözügedən iki platformaya tətbiq olunan məhdudiyyətin ləğv edilməsi digər platformalara tətbiq olunan məhdudiyyətin aradan qaldırılması istiqamətində irəliyə doğru addım kimi qiymətləndirilir.