...

Herbert Kikl Avstriyada yeni hökuməti formalaşdırmaq üçün mandat aldı

Dünya xəbərləri Materials 7 Yanvar 2025 03:14 (UTC +04:00)
Herbert Kikl Avstriyada yeni hökuməti formalaşdırmaq üçün mandat aldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 6-da Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen parlament seçkilərində ən yüksək səslə qalib gələn Avstriya Azadlıq Partiyasının (FPÖ) sədri Herbert Kiklə yeni hökuməti formalaşdırmaq üçün mandat verib.

Trend xəbər verir ki, bu qərar Avstriya Xalq Partiyası (ÖVP), Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və Yeni Avstriya və Liberal Forum (NEOS) arasında aparılan koalisiya danışıqlarının uğursuzluğa uğramasından sonra qəbul edilib.

Van der Bellen mətbuata açıqlamasında bildirib ki, 2024-cü il sentyabrın 29-da keçirilən parlament seçkilərində FPÖ 28,8 faiz səs toplayaraq qalib gəlsə də, parlamentdə təmsil olunan partiyalardan heç biri FPÖ ilə koalisiyaya getmək istəməyib. Buna görə seçkilərdə ikinci yer tutan ÖVP (26,2 faiz səslə) hökuməti formalaşdırmaq mandatı almışdı. Lakin ÖVP-nin koalisiya danışıqlarında uğursuzluğu və yeni rəhbərliyinin FPÖ ilə əməkdaşlığa açıq olması siyasi vəziyyəti dəyişib.

Herbert Kikl parlamentdə səs çoxluğuna malik hökumət qurmaq üçün tezliklə danışıqlara başlayacaq. Bu prosesdə ən mümkün tərəfdaş ÖVP hesab olunur. Partiyanın yeni rəhbəri Kristian Ştoker FPÖ-dən koalisiya təklifi alacağı təqdirdə bunu nəzərdən keçirəcəyini açıqlayıb.

Herbert Kikl 1968-ci ildə Avstriyanın Karintiya əyalətində anadan olub. O, 1995-ci ildən FPÖ-də müxtəlif vəzifələrdə çalışıb və 2017-2019-cu illərdə Avstriyanın daxili işlər naziri vəzifəsində olub. 2021-ci ildə partiya sədri seçilən Kikl miqrasiya və Avropa İttifaqı məsələlərində radikal mövqeyi ilə tanınır.

Xəbər lenti

Xəbər lenti