Bakı. Trend:
ABŞ-ın üç ştatında şiddətli qar fırtınası nəticəsində ən azı dörd nəfər həyatını itirib.
Trend xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.
Kanzas ştatında yolsuzluq avtomobili pis hava şəraitinə görə sürüşərək şossedən çıxıb və qəza nəticəsində iki nəfər ölüb. Missuri ştatında isə qar təmizləyən kommunal işçi ölümcül yaralanıb. Texas ştatında hipotermiyadan ölən bir kişinin cəsədi avtobus dayanacağı yaxınlığında aşkarlanıb.
Bununla yanaşı, ABŞ-da aviasiya sektoru da ağır təsirlənib. FlightAware portalının məlumatına əsasən, qar fırtınası səbəbindən 2,2 mindən çox aviareys ləğv edilib.
Şiddətli hava şəraiti ABŞ-ın böyük bir hissəsində nəqliyyatın dayanmasına, elektrik kəsintilərinə və gündəlik həyatın pozulmasına səbəb olub. Fırtına ilə əlaqədar təhlükəsizlik tədbirləri artırılıb.