Bakı.Trend
Qətər və Türkiyə Suriyanı ümumilikdə 800 meqavatt enerji istehsal gücünə malik olan iki üzən elektrik stansiyası ilə təchiz edəcək.
Trend xəbər verir ki, bunu Suriyanın Elektrik Enerjisinin Ötürülməsi və Paylanması üzrə Baş İdarəsinin baş direktoru Xalid Əbu Dey bildirib.
“Türkiyə və Qətərdən Suriyaya iki üzən elektrik stansiyası gətiriləcək. Onlar 800 meqavatt elektrik enerjisi istehsal edəcəklər. Bu Suriyanın hazırkı ümumi enerji istehsal gücünün yarısına bərabərdir. Bu, vətəndaşların elektrik enerjisi ilə təminatını təxminən 50 faiz artırmağa imkan verəcək”, - deyə qurumun rəsmisi bildirib.
Qeyd edək ki, Suriyada uzun illər davam edən münaqişə ilə əlaqədar ölkədə ciddi enerji böhranı yaşanmaqdadır. Ölkənin əksər rayonlarında gün ərzində cəmi 3 saat elektrik verilir. Yeni hökumət iki ay ərzində bu göstəricini gündəlik səkkiz saata çatdırmağı planlaşdırır.