Bakı. Trend:
Çin Prezidenti Si Cinpin və ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Trend xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb. Tramp özünün “Truth Social” sosial şəbəkəsində telefon danışığının çox yaxşı keçdiyini söyləyib və Vaşinqton ilə Pekinin yaxın gələcəkdə bir çox problemləri birgə həll edəcəklərinə ümid etdiyini bildirib.
ABŞ-nin yeni seçilmiş prezidenti ticarət balansı, “TikTok” və bir çox başqa mövzuları müzakirə etdiklərini söyləyib. Tramp vurğulayıb ki, o, Si Cinpinlə birlikdə dünyanı daha təhlükəsiz yerə çevirmək üçün mümkün olan hər şeyi edəcək.
Si Cinpin və Tramp həmçinin əsas məsələlər üzrə müntəzəm təmaslar üçün strateji kommunikasiya kanalı yaratmaq barədə razılığa gəliblər. Ölkə liderləri Ukrayna və Yaxın Şərqdəki hərbi münaqişələri də müzakirə ediblər.
Bu telefon danışığı ABŞ-nin yeni seçilmiş prezidentinin yanvarın 20-də baş tutacaq andiçmə mərasimindən bir neçə gün əvvəl baş tutub. KİV-in məlumatına görə, bu, siyasətçilər arasında 2021-ci ildən bəri ilk telefon danışığıdır.