Bakı. Trend:
ABŞ Maliyyə Nazirliyi yanvarın 21-dən başlayaraq ölkənin defolt riskini azaltmaq üçün fövqəladə tədbirlər görəcək.
Trend xəbər verir ki, bu barədə Maliyyə Naziri Canet Yellen Nümayəndələr Palatasının spikeri Mayk Consona və qanunvericilik orqanının digər rəhbərlərinə ünvanladığı məktubda məlumat verib.
“Bu məktubla Maliyyə Nazirliyinin yanvarın 21-dən etibarən görməyə başlayacağı fövqəladə tədbirlər barədə sizi məlumatlandırıram,” - deyə Yellen qeyd edib. Onun sözlərinə görə, bu tədbirlər çərçivəsində bəzi müavinətlərin ödənilməsi üçün vəsaitin ayrılması dayandırılacaq.
2024-cü ilin dekabrında Yellen xəbərdarlıq etmişdi ki, ABŞ-ın milli borcu yanvarın 14-dən 23-dək tavan həddinə çatacaq və dövlət defoltun qarşısını almaq üçün ciddi tədbirlər görmək məcburiyyətində qalacaq. Hazırda ABŞ-ın dövlət borcu təxminən 36,2 trilyon dollar təşkil edir.