Bakı. Trend:
ABŞ Silahlı Qüvvələri qeyri-qanuni miqrasiya ilə mübarizə məqsədilə Meksika ilə qərb sərhədinə əlavə olaraq 1500 əsgər, helikopter və hərbi kəşfiyyat bölmələri yerləşdirəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin vəzifəsini icra edən Robert Salesses bəyanat verib.
“Müdafiə Departamenti, aşkarlama və müşahidə imkanlarını artırmaq üçün əlavə 1500 quru qoşunu, həmçinin müvafiq ekipajlar və kəşfiyyat analitikləri olan helikopterlərlə cənub-qərb sərhədindəki qüvvələrini artırmağa başlayacaq”, - Salesses bildirib.
xxx
22:11
Prezident Donald Trampın göstərişi ilə qarşıdakı iki gün ərzində Meksika ilə cənub sərhədinə minlərlə əlavə ABŞ əsgəri göndəriləcək.
Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN televiziya şirkəti məlumat yayıb.
Hazırda sərhəddə Texas ştatının El Paso şəhərində yerləşən "Task Force North"un bir hissəsi kimi təxminən 2200 hərbçi mövcuddur.
Bundan əvvəl Prezident Tramp silahlı qüvvələrin 90 gün ərzində ABŞ daxilində hüquq-mühafizə funksiyalarını yerinə yetirməsinə icazə verən qanunvericilikdən istifadə imkanlarının nəzərdən keçirilməsi ilə bağlı sərəncam verib.
