Bakı. Trend:
Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) COVID-19 pandemiyasının Çinin Uhan şəhərindəki laboratoriyadan sızması nəticəsində başladığı ehtimalına üstünlük verdiyini bildirib.
Trend xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Bir neçə il ərzində MKİ, virusun təbii yolla heyvandan insana keçdiyini və ya laboratoriya sızmasının nəticəsi olduğunu dəqiqləşdirmək üçün yetərincə məlumat əldə etmədiyini açıqlamışdı.
Qəzetin mənbələrinə görə, MKİ-nin mövqeyinin dəyişməsi yeni kəşfiyyat məlumatlarının əldə edilməsinə deyil, artıq mövcud olan məlumatların daha diqqətlə öyrənilməsinə əsaslanır.
Bu təhlil ABŞ-ın keçmiş prezidenti Cozef Baydenin administrasiyası dövründə başlamış və nəticələri MKİ-nin yeni direktoru Con Rətkliffin qərarı ilə açıqlanıb.
Rətkliff, daha əvvəl, Çini COVID-19-un mənşəyini və yayılma şəraitlərini gizlətdiyinə görə “cəzalandırmağa” və Pekini 2022-ci il Qış Olimpiya Oyunlarını keçirmək hüququndan məhrum etməyə çağırmışdı.