Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatı ABŞ-nin Meksika, Kanada və Çinə qarşı tətbiq etdiyi yeni rüsumların yarada biləcəyi iqtisadi fəsadlardan narahatlıq ifadə edib.
Trend xəbər verir ki, bu haqda təşkilatın rəsmi saytında BMT rəsmi nümayəndəsi Stefan Cüjarrikin bəyanatı dərc olunub.
Rəsminin sözlərinə görə, bu cür sərt gömrük ölçüləri xüsusilə inkişaf etməkdə olan ölkələrin iqtisadi problemlərini daha da dərinləşdirə bilər.
Cüjarrik hesab edir ki, dünya iqtisadiyyatı onsuz da aşağı artım tempi nümayiş etdirir, ticarət baryerlərinin genişləndirilməsi isə əhalinin həssas kəsiminin maddi vəziyyətini daha da ağırlaşdıra bilər.
Onun sözlərinə əsasən, ticarət məhdudiyyətlərinin artmasına baxmayaraq ölkələrin çoxu hələ də Ümumdünya Ticarət Təşkilatının qaydalarını rəhbər tutur ki, bu da dünya iqtisadiyyatında sabitliyin və etibarlılığın artmasına yol açır.