Bakı. Trend:
"Microsoft" 2025-ci ilin may ayında "Skype" xidmətini tamamilə dayandıracağını və istifadəçiləri "Microsoft Teams" platformasına keçməyə təşviq edəcəyini açıqlayıb.
Trend BBC-yə istinadən xəbər verir ki, "Skype" istifadəçiləri mövcud hesabları ilə "Teams"ə daxil olaraq, bütün söhbət və əlaqələrini avtomatik köçürə biləcəklər.
Bu addım "Microsoft"un kommunikasiya xidmətlərini sadələşdirərək, "Teams" platformasına daha çox diqqət ayırmasına imkan verəcək.
Qeyd edək ki, "Skype" 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə "Microsoft" tərəfindən 8,5 milyard dollara satın alınıb. Son illərdə "Zoom" və "Slack" kimi platformalarla rəqabətdə geri qalan "Skype", xüsusilə pandemiya dövründə "Teams"in populyarlığının artması fonunda kölgədə qalıb.
"Microsoft"un məlumatına görə, hazırda "Teams" platformasının aylıq 320 milyon aktiv istifadəçisi var.