Bakı.Trend:
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 170-dən çox uşaq həlak olub.
Trend xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.
Məlumata görə, anklavın bombardmanı zamanı ümumilikdə 404 nəfər həyatını itirib, onların 170-dən çoxu uşaq, 80-dən çoxu qadındır.
BMT-dən bildiriblər ki, xilasedicilər və təcili yardım maşınları avadanlıq, yanacaq və digər vasitələrin çatışmazlığına görə zərərçəkənlərin çoxunun yardımına gedə bilməyib.
Təşkilatın bəyanatında, eyni zamanda, qeyd olunur ki, bölgəyə humanitar tədarüklər bərpa olunmasa, Qəzza zolağında bir milyondan çox insan ərzaq yardımısız qalacaq.
Xatırladaq ki, martın 18-nə keçən gecə İsrail ordusu Qəzza bölgəsində əməliyyatları bərpa edib. Baş nazir Binyamin Netanyahunun ofisindən bildiriblər ki, buna səbəb yanvarda Dohada HƏMAS-la İsrail arasında bağlanmış atəşkəs haqqında sazişin müddətinin uzadılmamasıdır.