Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp qızıl, uran, mis, kalium və digər oxşar mineralların hasilatının artırılmasına göstəriş verib ki, bu xammalların idxalından asılılıq azalsın.
Trend xəbər verir ki, bunun bağlı qərar Ağ Evin saytında dərc olunub.
"Bizim milli və iqtisadi təhlükəsizliyimiz hazırda düşmən xarici mineral istehsalından asılılıqla təhdid olunur. Yerli mineral hasilatını maksimum dərəcədə artırmaq üçün təcili addımlar atmaq ABŞ-nin milli təhlükəsizlik maraqlarına uyğundur", - deyə sənəddə bildirilir.
Qeyd edilir ki, ABŞ iş yerləri yarada, iqtisadi artımı təmin edə və xarici ölkələrdən asılılığı əhəmiyyətli dərəcədə azalda bilən böyük təbii ehtiyatlara malikdir.
"Nəqliyyat, infrastruktur, müdafiə və qabaqcıl texnologiya üçün sabit və sərfəli mineral ehtiyatları vacibdir. Birləşmiş Ştatlar bir vaxtlar dünyanın ən böyük qiymətli minerallar istehsalçısı idi, lakin həddindən artıq federal tənzimləmə mineral istehsalına xələl gətirdi", - deyə sənəddə bildirilir.