Bakı. Trend:
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri Təl-Əvivdəki Ben Qurion hava limanına və ABŞ-ın “USS Harry Truman” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi təyyarədaşıyıcı qrupunun gəmilərinə zərbələr endiriblər.
Trend xəbər verir ki, bu barədə husilərin yaratdığı silahlı qüvvələrin bəyanatını dərc edən “Al Masirah” telekanalı məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, husilər “Fələstin-2” hipersonik ballistik raketi ilə Təl-Əvivdəki Ben Qurion hava limanına hücum edib. Həmçinin, bütün aviaşirkətlərə xəbərdarlıq edilərək, Ben Qurion hava limanının hava hərəkəti üçün təhlükəli olduğu və belə qalacağı vurğulanıb.
Eyni zamanda, Yəmənin Hərbi Hava Qüvvələri ABŞ-ın “USS Harry Truman” təyyarədaşıyan gəmisi ilə əlaqəli bir sıra döyüş gəmilərinə hücum əməliyyatı həyata keçirib.