Balı. Trend:
Tailandın Phang Nqa əyalətində sahildən təxminən 25 kilometr aralıda dənizdə baş verən yanğın nəticəsində turist qayığındakı 26 nəfər xilas edilib.
Trend-in məlumatına görə, bu barədə “Naewna” qəzeti xəbər yayıb.
Hadisə şənbə günü səhər saatlarında baş verib. Açıqlamaya görə, açıq dənizdə dalğıc gəzintisinə çıxan gəmidə 10 ekipaj üzvü və 16 turist olub. Aşağı və orta göyərtələri bürüyən alovdan sonra sərnişinlər və ekipaj üzvləri xilasedici qayığa keçərək, yaxınlıqdan keçən başqa bir gəmi vasitəsilə xilas ediliblər.
Məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbi isə hələ müəyyən edilməyib.
Qeyd edək ki, Phang Nqa əyaləti dalğıc turizmi ilə tanınır. Bu bölgədə ən məşhur dalış məkanlarından biri 1984-cü ildə batan və hazırda dəniz dibində, 20 metr dərinlikdə yerləşən 60 metrlik texniki gəmi – Boon Sung sayılır.