...

Nüvə proqramı haqda etimad yaratmağa, öhdəliklər götürməyə hazırıq – İran XİN

Dünya xəbərləri Materials 17 Aprel 2025 11:07 (UTC +04:00)
Nüvə proqramı haqda etimad yaratmağa, öhdəliklər götürməyə hazırıq – İran XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran həmişə özünün nüvə proqramı haqda etimad yaratmaq üçün, hətta bəzi öhdəlikləri də qəbul etmək üçün danışıqlar aparmağa hazırdır.

Trend-in məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İran və ABŞ arasında danışıqların əsas predmeti nüvə məsələsidir. Bəzi qarşı tərəflər İranın nüvə proqrmaı haqda yanlış olaraq nigaranlıqlar irəli sürürlər.

Qəribabadi bildirib ki, halbuki İranın qənaətincə bu nigaranlıqların heç bir məntiqi və hüququ əsası yoxdur.

“İranın nüvə proqramı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin davamlı nəzarətindədir və onun dinc məqsədli olması dəfələrlə təsdiqlənib. İndiyədək bu nüvə proqramının hərbi məqsədlərə doğru yönəlməsinə dair heç bir hesabat yayımlanmayıb”, - deyə o qeyd edib.

Qeyd edək ki, 12 apreldə Omanın paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir. Danışıqların növbəti raundu 19 aprelə təyin olunub.

Əlavə edək ki, 2020-ci ilin sonlarında İran parlamenti İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyaların ləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icra edilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən İran 23 fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə addımlar və əlavə protokolun icrasını dayandırıb. Bununla AEBA-nın nəzarət mexanizmi 20-30% azalıb.

İran rəsmi səviyyədə bildirir ki, İranın strategiyası atom bombasını əldə etməməkdir və İran kütləvi qırğın silahlarının istehsalını əsla dəstəkləmir.

Xatırladaq ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi 3 martda AEBA Direktorlar Şurasının iclasında bildirib ki, İran 60%-ə qədər zənginləşdirilmiş uranın həcmini ötən rüblə müqayisədə 182 kiloqramdan 275 kiloqrama artırıb. İran uranı bu səviyyəyə qədər zənginləşdirən yeganə qeyri-nüvə silahı dövlətidir. Bu isə ciddi narahatlıq doğurur.

Xəbər lenti

Xəbər lenti