Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (IMF) ABŞ Prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi ticarət rüsumları səbəbindən dünya iqtisadiyyatının artım proqnozunu aşağı sala bilər.
Trend-in “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, Trampın qlobal miqyasda ticarət müharibəsi başlatması dünya iqtisadiyyatının üzərindəki qeyri-müəyyənliyi artırıb və bu vəziyyətin yaxın zamanda dəyişməsi real görünmür.
Məqalədə bildirilir ki, Vaşinqtonun rüsum siyasətinin yaratdığı ilk təsirlər artıq hiss olunmağa başlayıb. Bu səbəbdən IMF-in qarşıdakı çərşənbə axşamı dünya üzrə iqtisadi artım proqnozunu rəsmi olaraq aşağı salacağı gözlənilir.
IMF-in icraçı direktoru Kristalina Georgieva daha əvvəl “Reuters”ə verdiyi müsahibədə Amerikanın tətbiq etdiyi rüsumların dünya iqtisadiyyatında etimadı zəiflətdiyini və qeyri-müəyyənliyi artırdığını bildirmişdi. O, vurğulamışdı ki, bu qeyri-müəyyənlik nə qədər uzun sürərsə, iqtisadi artıma da o qədər mənfi təsir edəcək.