Bakı. Trend:
Roma Papası Fransiskin anım mərasimi aprelin 26-da dəfn ediləcəyi Böyük Məryəm Kilsəsinin (Santa Mariya Madgore) qarşısında təşkil olunub.
Trend-in məlumatına görə, mərasimə Vatikanın dövlət katibi kardinal Pyetro Parolin rəhbərlik edib.
Kardinal Parolin mərasim zamanı bildirib ki, Papa Fransisk dualarında özünü Məryəmin himayəsinə həvalə edirdi. Bundan əvvəl Müqəddəs Pyotr meydanında da oxşar bir dua mərasimi keçirilib.
Fransisk ilə vidalaşmaq istəyən ziyarətçilər artıq Romaya toplaşmağa başlayıblar. Papa Fransiskin tabutu çərşənbə günü Müqəddəs Pyotr meydanında ziyarət üçün açıq şəkildə nümayiş etdiriləcək. Ziyarətçilər bu mərasimə çərşənbə və cümə axşamı gecə yarısına qədər qatılmaq imkanı əldə edəcəklər.
Dəfn mərasimi öncəsi İtaliya paytaxtında təhlükəsizlik tədbirləri gücləndirilib. Müqəddəs Pyotr meydanı və əsas nəqliyyat qovşaqları xüsusi nəzarət altına alınıb, şəhər üzərində uçuşlara məhdudiyyət tətbiq edilib, həmçinin pilotsuz uçan aparatların qarşısını almaq üçün xüsusi sistemlər işə salınıb.
Şənbə günü Fransiskin dəfn mərasiminə qatılmaq üçün Romaya 170 xarici nümayəndə heyətinin gələcəyi gözlənilir.