Bakı. Trend:
İran və ABŞ arasında nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 4-cü raundu 3 mayda İtaliyanın paytaxtı Romada keçiriləcək.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, bu məsələ vasitəçi ölkə Omanın təklifi və müzakirəçi tərəflərin razılığı ilə müəyyənləşib.
Araqçi bildirib ki, 2 mayda 3 Avropa ölkəsi (Böyük Britaniya, Fransa və Almaniya) tərəfləri ilə danışıqlar aparılacaq.
Qeyd edək ki, 12, 19 və 26 aprel tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 3 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1 və 3-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci raundu isə İtaliyanın paytaxtı Romada baş tutub.