Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) üçün ayrılan xərcləri 2,46 milyard dollar azaltmağı təklif edir.
Trend xəbər verir ki, bu barədə məlumat cümə günü Ağ Evin açıqladığı, 2026-cı maliyyə ili üçün nəzərdə tutulan federal büdcə layihəsində yer alıb.
Büdcə layihəsinə əsasən, administrasiya digər ölkələrə iqtisadi dəstək və inkişaf proqramlarının maliyyələşdirilməsini dayandırmağı planlaşdırır ki, bu da xərclərin əlavə olaraq 8,3 milyard dollar azaldılmasına səbəb olacaq.
Hökumət həmçinin beynəlxalq təcili yardım proqramlarına ayrılan vəsaiti 3,2 milyard dollar, səhiyyə və ailə planlaması sahəsindəki proqramlara ayrılan maliyyəni 6,2 milyard dollar, eləcə də Amerika ərzaqlarının digər ölkələrə çatdırılmasını nəzərdə tutan bəzi proqramları ləğv etməklə 1,6 milyard dollar qənaət etməyi planlaşdırır.
Ümumilikdə, Tramp administrasiyası xarici siyasət xərclərinin hazırkı maliyyə ili ilə müqayisədə 83,7 faiz azaldılaraq 9,6 milyard dollara endirilməsini təklif edir.
Qeyd edək ki, ABŞ-də yeni maliyyə ili 1 oktyabrda başlayır.