Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi qeyri-nüvə başlığına malik dənizdən buraxılan hipersəs raketinin prototipini uğurla sınaqdan keçirib.
Trend-in məlumatına görə, sınaq Florida ştatındakı Canaveral burnunda baş tutub və raketin buraxılışı “soyuq başlanğıc” texnologiyası ilə həyata keçirilib. Bu üsul raketin əvvəlcə qaz təzyiqi ilə silosdan və ya konteynerdən çıxarılmasını, əsas mühərrikin isə qurğudan müəyyən məsafəyə uzaqlaşdıqdan sonra işə düşməsini nəzərdə tutur.
Pentaqonun izahına görə, bu texnologiya ABŞ Hərbi Dəniz Qüvvələrinə raketi platformadan təhlükəsiz şəkildə uzaqlaşdırmaq və əsas mərhələnin işə düşməsindən əvvəl gəmi üçün təhlükəni minimuma endirmək imkanı yaradır.
ABŞ Hərbi Dəniz Strateji Sistemlər Komandanlığının rəhbəri, vitse-admiral Conni Volf bildirib: “Bu texniki nailiyyət, Hərbi Dəniz Qüvvələrimizə təhlükəsiz və etibarlı hipersəs imkanları təmin etmək yolunda mühüm addımdır”.
Gələcəkdə bu cür hipersəs raketlərinin ABŞ donanmasının “Zumvalt” sinifli esminesləri ilə təchiz edilməsi planlaşdırılır.