Bakı. Trend:
Ukrayna və Rusiya Federasiyası arasında “1000-in 1000-ə” formatında əsirlərin mübadiləsinin üçüncü mərhələsi həyata keçirilib. Bu dəfə 300-dən çox şəxsin geri qaytarılması mümkün olub.
Trend xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
“303 ukraynalı hərbçi evə döndü. Türkiyədə razılaşdırılmış '1000-in 1000-ə' formatında mübadilənin üçüncü mərhələsi başa çatdı”, – deyə dövlət başçısı bildirib.
Azad edilənlər arasında Ukrayna Silahlı Qüvvələrinin – xüsusilə Hərbi Dəniz Qüvvələrinin, Hərbi Hava Qüvvələrinin, Desant-Hücum Qoşunlarının, Ərazi Müdafiə Qüvvələrinin, Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin və Dövlət Xüsusi Nəqliyyat Xidmətinin nümayəndələri yer alır.
Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahının məlumatına görə, bu gün azad olunan 303 müdafiəçinin hamısı kişi, əsgər və çavuş heyətindən olan hərbçilərdir.
Qeyd edək ki, 2022-ci ilin mart ayından bu günə qədər ümumilikdə 5757 ukraynalı Koordinasiya Qərargahının səyləri ilə əsirlikdən azad olunub. Əlavə olaraq, 536 ukraynalı isə mübadilə çərçivəsində olmadan geri qaytarılıb.
Xatırladaq ki, mübadilənin birinci mərhələsi mayın 23-də baş tutub. Həmin vaxt Ukrayna 270 hərbçi və 120 mülki şəxs olmaqla, ümumilikdə 390 nəfəri geri qaytarmışdı.
Mayın 24-də isə daha 307 ukraynalı hərbçi azad edilib. Onlar arasında Desant-Hücum Qoşunlarının, Pilotsuz Uçuş Aparatları Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin, Ərazi Müdafiə Qüvvələrinin döyüşçüləri, sərhədçilər və milli qvardiyaçılar olub. Azad edilənlərin ən gənci 25, ən yaşlısı isə 61 yaşındadır. Aralarında yaralılar və xəstələr də var.