Bakı. Trend:
Pekinin baş ticarət elçisi Li Çenqan bildirib ki, Çin və ABŞ Böyük Britaniyada iki günlük ticarət danışıqlarından sonra çərçivə və icra planı üzərində razılaşıblar.
Trend xarici mediaya istinadən xəbər verir ki, o, danışıqların keçirildiyi Londonda jurnalistlərə deyib:
“Tərəflər, prinsipcə, iki dövlət başçısının iyunun 5-də qəbul etdiyi qəti çağırışda konsensusun həyata keçirilməsi çərçivəsini, eləcə də Cenevrədəki görüşün nəticələrini razılaşdırıblar”.
Çin rəsmisinin sözlərinə görə, hər iki tərəf danışıqlar və Böyük Britaniyada əldə olunan çərçivə haqqında öz liderlərinə hesabat verəcək. O, həmçinin, Çin və ABŞ komandalarının çox səy göstərdiyini və son bir neçə gün ərzində dərin fikir mübadilələri apardığını bildirib və əlavə edib ki, onların təması peşəkar, rasional, dərin və səmimi olub.
Li Çenqan ümidvar olduğunu bildirib ki, danışıqlarda əldə olunan irəliləyiş iki ölkə arasında etimadın artırılmasına şərait yaradacaq, sabit ticarət-iqtisadi əlaqələri təşviq edəcək və qlobal iqtisadi inkişafa töhfə verəcək.
Bazar ertəsi Londonda ABŞ ilə Çin arasında razılaşma əldə etmək məqsədi ilə ticarət danışıqlarının yeni mərhələsi başlayıb. Danışıqların Çinin ABŞ-yə nadir torpaq minerallarının ixracına qoyduğu məhdudiyyətlər və Vaşinqtonun Çinə bəzi texnoloji məhsullara tətbiq etdiyi tariflər, həmçinin digər rüsumlarla bağlı mübahisəli mövzular ətrafında gedəcəyi gözlənilirdi.
Görüş ABŞ Prezidenti Donald Trampın keçən həftə Çinin Sədri Si Cinpin ilə telefon danışığından sonra baş tutub. Tramp daha sonra deyib ki, söhbət hər iki ölkə üçün çox müsbət nəticə ilə başa çatıb.
Tərəflər mayın 12-də Cenevrədə rüsumların əksəriyyətinin 90 günlük dayandırılması və Trampın ABŞ-ın ticarət tərəfdaşlarına qarşılıqlı tarifləri elan etməsinin ardından aprelin əvvəlindən tətbiq edilən tədbirləri geri götürmək barədə razılığa gəldikdən sonra əldə edilmiş razılaşmaya əsaslanmağı hədəfləyir. Hər iki tərəf bir-birini son həftələr razılaşmaları pozmaqda ittiham edib.
Pekin ilə Vaşinqton arasında bu razılaşma dünya birjalarında da səhmlərin dəyərinin artmasına səbəb olub.