...

Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketi gələn həftə qəbul oluna bilər

Dünya xəbərləri Materials 12 İyun 2025 02:23 (UTC +04:00)
Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketi gələn həftə qəbul oluna bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin gələn həftə təsdiqlənməsi gözlənilir.

Trend xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Berlində Danimarkanın Baş naziri Mette Frederiksenlə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

"Avropa İttifaqında növbəti sanksiyalar paketi üzərində işi sürətləndirəcəyik. Minnətdaram ki, dünən Avropa Komissiyası 18-ci sanksiyalar paketi ilə bağlı təkliflərini təqdim edib. Hər şey plana uyğun getsə, o, gələn həftə qəbul olunacaq", – deyə Merts bildirib.

Kanslerin sözlərinə görə, Vaşinqtonda da həm Konqres, həm də administrasiya bu istiqamətdə mümkün tədbirlərə hazırlaşır. O, həmçinin vurğulayıb ki, Rusiya Atlantikanın hər iki tərəfində təhlükə mənbəyinə çevrilir.

Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen daha əvvəl bəyan etmişdi ki, yeni sanksiyalar paketi "Şimal axını" qaz kəmərinin istifadəsinə qadağanı, bir sıra bank və tanker şirkətlərinin "qara siyahı"ya salınmasını, həmçinin Rusiya neftinin alınmasına qadağa və qiymətin aşağı salınması cəhdlərini əhatə edəcək.

Təklif olunan sanksiyalar paketi əvvəlcə Aİ səfirləri və xarici işlər nazirləri səviyyəsində təsdiqlənməlidir. Avropa Komissiyası isə bu prosesin iyunun sonunda keçiriləcək Aİ və NATO sammitlərinədək yekunlaşacağına ümid edir.

Xəbər lenti

Xəbər lenti