Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsrailin İrana hücumunu sərt tənqid atəşinə tutaraq, İsrail administrasiyasının bütün regionu və dünyanı fəlakətə sürükmələyə çalışdığını bildirib.
Trend xəbər verir ki, bu barədə Türkiyə lideri rəsmi “X” səhifəsində yazıb.
“İsrail bu səhərdən etibarən, xüsusilə Qəzza olmaqla, bölgəmizi qana, göz yaşına və sabitsizliyə qərq etmə strategiyasını çox təhlükəli bir mərhələyə daşıyıb.İsrailin qonşumuz İranı hədəf alan hücumları beynəlxalq hüququ heçə sayan açıq-aşkar bir təxribatdır. İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi və Qəzzaya qarşı həyata keçirilən qeyri-insani əməllər səbəbindən beynəlxalq təzyiqlərin artdığı bir dövrdə baş verən bu hücumlar İsrailin qayda tanımayan düşüncəsini açıq şəkildə ortaya qoyur.
Netanyahu rəhbərliyi düşüncəsiz, aqressiv və hüququ tanımayan hərəkətləri ilə bölgəmizi və bütün dünyanı fəlakətə sürükləməkdədir. Beynəlxalq ictimaiyyət qlobal və regional sabitliyi hədəf alan İsrail banditliyinə artıq “dur” deməlidir”,- Ərdoğan yazıb.