Bakı. Trend:
ABŞ-nin digər ölkələrin daxili işlərinə müdaxiləsi onların suverenliyini və beynəlxalq hüququn əsas prinsipləri olan qarşılıqlı hörməti pozur.
Trend xəbər verir ki, bu barədə Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva X sosial şəbəkəsində paylaşım edib.
Bəyanatın verilməsinə səbəb ABŞ hökumətinin Braziliya Federal Ali Məhkəməsinin bəzi hakimlərinə viza məhdudiyyəti tətbiq etməsi olub. Sanksiyalar 2022-ci ilin sonunda dövlət çevrilişinə cəhddə ittiham olunan sabiq prezident Jair Bolsonaro ilə bağlı aparılan istintaqla əlaqədardır.
Lula da Silva yazıb:
"Birləşmiş Ştatlar hökumətinin daha bir özbaşına və tamamilə əsassız tədbirindən əziyyət çəkən Ali Məhkəmə hakimlərinə həmrəyliyimi və dəstəyimi bildirirəm."
O, Braziliyanın məhkəmə sisteminə xarici dövlətin təzyiq göstərməsinin qəbuledilməz olduğunu vurğulayıb və əlavə edib ki, Braziliya qanunun aliliyinə sadiq qalacaq və xarici təzyiqlərə boyun əyməyəcək.