Bakı. Trend:
Fransanın mədəniyyət naziri və eyni zamanda Paris meri postuna namizəd olan Raşida Dati korrupsiya və nüfuz alveri ittihamı ilə cinayət məhkəməsinə veriləcək.
Trend xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Paris məhkəməsinin qərarına əsasən, Dati və "Renault-Nissan" konserninin keçmiş rəhbəri Karlos Qon barəsində cinayət işi açılıb. Onlar korrupsiya və nüfuz alveri maddələri ilə ittiham olunurlar.
Fransa Maliyyə Prokurorluğunun iddiasına görə, Raşida Dati 2009–2011-ci illərdə Avropa Parlamentinin üzvü olduğu dövrdə "Renault" şirkətinin maraqlarına uyğun lobbiçilik fəaliyyəti aparıb və bunun müqabilində 900 min avro məbləğində ödəniş alıb.
59 yaşlı nazir ittihamları qəti şəkildə rədd edib və günahsız olduğunu bildirib.
Fransa hökumətindəki mənbələrin AFP-yə verdiyi məlumata görə, Raşida Dati müttəhim statusunda olsa da, hökumətdəki vəzifəsini davam etdirəcək.
İş üzrə ilk məhkəmə iclası sentyabrın 29-na təyin edilib.
