Bakı. Trend:
İran parlamentinin iqtisad komitəsi milli valyutanın denominasiyası (4 sıfırın silinməsi) üzrə qanun layihəsini qəbul edib.
Trend-in məlumatına görə, bunu İran parlamentinin iqtisadi komitəsinin sədri Şəmsəddin Hüseyni yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, beləliklə, İranın yeni milli valyutasında 1 rial hazırkı 10 min riala bərabər olacaq.
Hüseyni qeyd edib ki, öncəki qanun layihəsində İranın milli valyutasının adının “Rial”-dan “Tümən”-ə, qəpik pulun isə “Qeran”a keçirilməsi nəzərdə tutulmuşdu. Lakin İranın Mərkəzi Bankının “İranın milli valyutası Rialdır” qanunun əsasən, iqtisad komitəsi milli valyutanın atının “Rial qalmasına, qəpik pulun isə “Qeran”a keçirilməsinə qərar verilib.
“İranın Konstitusiyaya Nəzarət Şurasının İranın Beynəlxalq Valyuta Fonduna öhdəliyi ilə əlaqədar irəli sürdüyü məsələyə gəlincə, Mərkəzi Bank yeni rial əsasında xarici valyutaların alqı-satqısına nəzarət edəcək və həyata keçirəcək. Bununla əlaqədar Beynəlxalq Valyuta Fondu qarşılığında hər hansı məsələnin irəli sürülməsinə ehtiyac yoxdur”, - deyə o qeyd edib.
Qeyd edək ki, İran parlamenti 2020-ci ildə İran valyutasının denominasiyası ilə əlaqədar qərar verib. Qərara əsasən, İranın milli valyutasından 4 sıfır atılması, “rial” adının “tümən” adına dəyişdirilməsi nəzərdə tutulub. Lakin sözügedən qanun layihəsi İranın Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənməyib.