Bakı. Trend:
ABŞ hökuməti müdafiə məqsədləri üçün nüvə yanacağı istehsalını yaratmaq niyyətindədir.
Trend-in Reuters-ə istinadən verdiyi məlumata görə, bu məqsədlə 1,5 milyard dollar vəsait ayrılıb.
Layihə çərçivəsində sənaye podratçısı BWX Technologies ölkə daxilində uranın zənginləşdirilməsi potensialının inkişafı üçün müqavilə imzalayıb. Proqram ABŞ Energetika Nazirliyinin tərkibinə daxil olan Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) sifarişi ilə həyata keçirilir. Agentliyin əsas hədəfi tritium istehsalı üçün az zənginləşdirilmiş uranın, həmçinin dəniz nüvə hərəkəti üçün zəruri olan yüksək zənginləşdirilmiş uranın etibarlı təchizatını təmin etməkdir.
Qeyd edək ki, BWX Technologies bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayıqları və təyyarədaşıyan gəmiləri üçün komponentlərin istehsalı üzrə 2,6 milyard dollarlıq müqavilə əldə etmişdi.
Yeni nüvə yanacağı istehsalı zavodunun Tennessi ştatının Ervin şəhərində inşa ediləcəyi bildirilir.