Bakı. Trend:
İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) mübarizə üzrə qlobal səylər sahəsində son onilliklərin ən ciddi böhranı müşahidə olunur.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, beynəlxalq maliyyələşdirmənin azalmasının hansı genişmiqyaslı nəticələrə gətirib çıxardığı təhlil edilir.
BMT-nin mətbuat xidmətinin məlumatına görə, ilk növbədə zərbə İİV-in ən çox yayıldığı aşağı və orta gəlirli ölkələrə dəyib.
UNAİDS-in məlumatına görə, hazırda 40,8 milyon insan İİV-lə yaşayır. 2024-cü ildə 1,3 milyon yeni yoluxma qeydə alınıb, 9,2 milyon insan isə hələ də müalicə almır.
2025-ci ildə beynəlxalq yardımın kəskin azalması İİV-lə mübarizə sahəsində vəsait çatışmazlığını daha da dərinləşdirib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) qiymətləndirmələrinə əsasən, 2025-ci ildə səhiyyə sistemlərinə göstərilən xarici yardım 2023-cü illə müqayisədə 30–40 faiz azalıb ki, bu da onların fəaliyyətində artıq ciddi pozuntulara səbəb olub.
