Bakı. Trend:
Gürcüstanda Avropa İttifaqı və NATO-ya üzvlüyün əleyhinə olan “Vahid Neytral Gürcüstan” adlı partiya özünün təsis qurultayını keçirib.
Trend bu barədə Gürcüstan KİV-ə istinadən xəbər verir.
“Biz, o faktla barışmalıyıq ki, Avropa xam xəyallarında qalmağa davam etsək, gec-tez Vaşinqton və Brüssel öz agenturasını yenidən hakimiyyətə gətirə biləcək. “Vahid Neytral Gürcüstan” partiyası bu xam xəyalların bitməsi, ölkəmizin xilası və inkişafı üçün nə lazım olduğunu görməyimiz üçün əlindən gələni edəcək”, – deyə partiyanın lideri Vato Şakarişvili bildirib.
Onun sözlərinə görə, neytrallıq ölkənin ərazi bütövlüyünün bərpasına, eləcə də tranzit rolunun güclənməsinə kömək edəcək. Bundan əlavə, Şakarışvilinin qeyd etdiyinə görə, Gürcüstanın neytral statusu suveren iqtisadi siyasətin həyata keçirilməsinə şərait yaradacaq, əks halda ABŞ və Aİ Gürcüstanın kimlərlə ticarət aparmalı, kimlərlə aparmamalı olduğunu diktə etməyə davam edəcəklər.
