...

Niger Fransa şirkəti ilə münasibətləri tam dayandırıb

Dünya xəbərləri Materials 2 Dekabr 2025 01:56 (UTC +04:00)

Bakı. Trend:

Nigerin hərbi hakimiyyəti ölkənin uran hasilatını beynəlxalq bazarda satışa çıxaracağını açıqlayaraq, Fransa şirkəti “Orano” ilə qarşıdurmada yeni mərhələyə keçdiyini bəyan edib.

Trend-in məlumatına görə, bu haqda Niger rəsmi açıqlama verib. Bildirilir ki, iyunda milliləşdirilən “Somaïr” şirkətinin istehsal etdiyi uran artıq Niger dövlətinin tam nəzarətində beynəlxalq bazarda satışa təqdim olunacaq.

“Somaïr” şirkəti əvvəllər 63,4%-i “Orano”ya, 36,6%-i isə Niger dövlətinə məxsus olan birgə müəssisə idi. İyunda hərbi hökumət şirkəti milliləşdirərək “Orano”nun istismar icazəsini ləğv edib və fransız şirkətini əməliyyat nəzarətindən tamamilə məhrum edib.

2024-cü ilin sonunda “Orano” Nigerdəki üç mədən layihəsinə – “Somaïr”, 2021-də bağlanmış “Cominak” və dünyanın ən böyük uran yataqlarından biri sayılan “Imouraren” sahəsinə – nəzarəti itirdiyini qəbul etmişdi. Təkcə “Imouraren”in ehtiyatları 200 min ton olaraq qiymətləndirilir.

Dövlət televiziyası “Télé Sahel”in məlumatına görə, Nigerin hərbi rəhbəri general Abdourahman Tiani ölkənin öz təbii sərvətlərindən müstəqil şəkildə istifadə etmək, onları bazar qaydalarına uyğun olaraq istənilən alıcıya satmaq hüququna malik olduğunu vurğulayıb. “Niger, öz ləyaqətini qoruyaraq, istehsal etdiyi uranı beynəlxalq bazara çıxarır”,- deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti