Bakı. Trend:
Dünyanın ən böyük elektrikli nəqliyyat vasitələri üçün batareya istehsalçısı olan Contemporary Amperex Technology (CATL) istehsal xətlərinə humanoid robotlar təqdim etməyə başlayıb.
Trend xəbər verir ki, bu barədə South China Morning Post qəzeti məlumat yayıb.
Şirkətin açıqlamasına görə, Spirit AI tərəfindən hazırlanmış Xiaomo robotları montaj xəttində yüksək gərginlikli batareya konnektorlarının birləşdirilməsini həyata keçirir. Bu mərhələ zavodda ən təhlükəli proseslərdən biri hesab olunur. CATL bildirir ki, robotların tətbiqi nəticəsində hər növbə ərzində yığılan batareyaların sayı üç dəfə artıb.
Qeyd olunur ki, Çində humanoid robotların inkişafına maraq və bu sahəyə yatırılan investisiyalar sürətlə artır. SCMP-nin daha əvvəl yazdığına görə, ölkədə robototexnikanın inkişafı işçi qüvvəsi çatışmazlığının aradan qaldırılmasına və istehsal imkanlarının genişləndirilməsinə mühüm töhfə verir. Təkcə ötən il Çin zavodlarında təxminən 295 min sənaye robotu quraşdırılıb.
