Bakı. Trend:
Avstraliya polisi Sidneyin cənub-qərb bölgəsində terror aktı planlaşdırmaqda şübhəli bilinən 7 nəfəri həbs edib.
Trend xəbər verir ki, bu barədə ABC radiosu Yeni Cənubi Uels Polis Departamentindəki mənbəyə istinadən məlumat yayıb.
Müstəntiqlərin fikrincə, cümə axşamı saxlanılan və qonşu Viktoriya ştatından Sidneyə gələn şəxslər ekstremist ideologiyanı dəstəkləyib və zorakılıq aktı planlaşdıra biliblər.
Yeni Cənubi Uels ştatı polis komissarının müavini Devid Hudson bildirib ki, şübhəlilərin axtarışı zamanı üzərlərində aşkar edilən yeganə silah bıçaq olub.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarında həmin şəxslərin Bondi çimərliyinə getmək niyyətində olduqlarına dair məlumatlar mövcud olub. Hudson vurğulayıb ki, ötən bazar Sidneydə baş verən zorakılıq hadisələrindən sonra polis heç bir riski gözə ala bilməz və mümkün təhlükəni qabaqlamaq üçün saxlanılma qərarı verilib.
