Bakı. Trend:
Yanvarın 1-nə keçən gecə İsveçrənin Krans-Montana xizək kurortunda baş verən yanğın nəticəsində təxminən 40 nəfər ölüb, 115 nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə Vale kantonunun polis rəisi Frederik Qizler məlumat verib.
O, Krans-Montanada keçirilən mətbuat konfransında bildirib ki, hazırkı hesablamalara əsasən, ölənlərin sayı təxminən 40 nəfər, yaralıların sayı isə 115 nəfərdir və onların əksəriyyətinin vəziyyəti ağırdır.
Frederik Qizler qeyd edib ki, hüquq-mühafizə orqanlarının təcili prioriteti həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi və cəsədlərin mümkün qədər tez ailələrinə təhvil verilməsidir. Onun sözlərinə görə, bu proses bir neçə gün çəkə bilər.
Məlumata görə, yanğın İsveçrənin mərkəzində yerləşən məşhur Krans-Montana xizək kurortundakı “Le Constellation” barında baş verib. Polis hadisənin terror aktı olması ehtimalını istisna edib. İlkin ehtimallara əsasən, yanğına bayram şamları və ya fişənglər səbəb ola bilər.
