Bakı. Trend:
Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTDK) əməkdaşları respublikanın Cəlalabad vilayətində məktəblərdə və uşaq bağçalarında terror aktları törətməklə hədələyən yetkinlik yaşına çatmayan vətəndaşı saxlayıblar.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə MTDK-nın mətbuat xidməti məlumat yayıb.
“Cəlalabad vilayətinin Kəzarman kəndində məktəblərdə və uşaq bağçalarında terror aktı törətmək barədə hədələyici mesajların müəllifi saxlanılıb”, - məlumatda qeyd olunub.
Şübhəli şəxs partlayışlar təşkil etmək niyyətini “Facebook” sosial şəbəkəsində yazıb. O, məktəblərin birində 8-ci sinif şagirdidir.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, yeniyetmə “internet-terrorçuların təsiri altına düşüb” və ona göstərilən psixoloji təsirdən sonra “terror aktı törətmək niyyətində olub”.
