Bakı. Trend:
Fransalı deputatlar yaşı 15-dən az olan uşaqların sosial şəbəkələrə girişinin qadağan edilməsi ilə bağlı qanunu təsdiqləyib. Qanun eyni zamanda ibtidai və orta məktəblərdə mobil telefondan istifadəni qadağan edir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, sentyabr ayından (2026) qüvvəyə minəcək qanunun lehinə 130, əleyhinə 21 deputat səs verib. Bu təşəbbüsə Fransa prezidenti Emmanuel Makron güclü dəstək göstərib. Makron elmi tövsiyyələrə əsaslanaraq yerli ictimaiyyətin uşaqları təhlükəli alqoritmlərdən qorumağa səsləyib.
Bu addım Avropada artan bir tendensiyanı əks etdirir: Böyük Britaniya hökuməti də gənc yeniyetmələr üçün oxşar qadağaları nəzərdən keçirir, Aİ siyasətçiləri isə ittifaq üzrə sosial şəbəkələrə giriş baxımından minimum yaş həddinin 16 olaraq müəyyənləşdirilməsini müdafiə edirlər.
Fransanın səhiyyə sahəsində nəzarət orqanının hesabatına görə, bir çox yeniyetmə smartfonlarda xeyli vaxt keçirir ki, bu da özünəinamın azalması və zərərli məzmuna məruz qalma ilə bağlı narahatlıqlar yaradır.
