Bakı. Trend:
Böyük Britaniyada penitensiar sistemdə həddindən artıq yüklənmənin azaldılması proqramı çərçivəsində bir il ərzində təxminən 50 min məhkum azadlığa buraxılıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin sentyabrından etibarən ölkədə, həbs müddətinin 40 faizini çəkmiş məhkumların həbsxanalarda yer çatışmazlığı səbəbindən mərhələli şəkildə azadlığa buraxılmasını nəzərdə tutan proqram tətbiq olunmağa başlanıb. Bu addım İngiltərə və Uelsin penitensiar sistemində məhkumların sayının rekord həddə - 88 min 521 nəfərə çatmasından sonra atılıb.
Qeyd olunur ki, 10 sentyabr 2024-cü ildən 30 sentyabr 2025-ci ilədək bu mexanizm üzrə 48 min 931 nəfər azadlığa buraxılıb.
264 nəfər barəsində isə şərti vaxtından əvvəl azadlığa buraxılma qərarları şərtlərin pozulması səbəbindən ləğv edilib, lakin həmin şəxslər müəyyən edilmiş müddətdə yenidən həbsxanalara qayıtmayıblar.
