Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatı və Milan–Kortina 2026:Qış Olimpiya Oyunlarının təşkilatçıları mötəbər yarışın açılışına bir həftə qalmış bütün dünyada mövcud münaqişələrdə yeddi həftəlik fasiləyə çağırıblar.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bildirilib ki, qədim yunan ənənəsinə əsaslanan bu təşəbbüsün tərəfdarları bildirirlər ki, silahlı münaqişələrin artdığı bir dövrdə belə bir addım üçün mənəvi zərurət var.
BMT Baş Assambleyasının qətnaməsi ilə dəstəklənmiş təklif olunan fasilə 6–22 fevral tarixlərində keçiriləcək Qış Olimpiya Oyunlarını və 6–15 mart tarixlərində baş tutacaq Paralimpiya Oyunlarını əhatə edir.
“Etik baxımdan biz bir mesaj göndərmək istəyirik ki, Olimpiya Atəşkəsi, Müqəddəs Olimpiya Atəşkəsinə mütləq hörmət olunmalıdır. Bu, praktikada hər zaman mümkün olmaya bilər. Lakin mesaj dünyanın hər bir guşəsinə çatır: harada mümkündürsə, sülh üçün - hətta kiçik də olsa, - bir məkan yaratmağa çalışmalıyıq” - deyə Afinada yerləşən Beynəlxalq Olimpiya Atəşkəsi Mərkəzinin direktoru Konstantinos Filis bildirib.
Müasir Olimpiya Oyunları 1896-cı ildə bərpa olunub, tədbir ətrafında atəşkəs anlayışı isə təxminən bir əsr sonra, 1990-cı illərin əvvəllərindən etibarən keçmiş Yuqoslaviyada müharibələrin alovlandığı dövrdə gündəmə gəlib.
