Bakı. Trend:
Finlandiyanın Turku şəhərində dünyanın ən böyük “Runeberq” tortu bişirilib.
Trend xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.
Tortun hündürlüyü 57 santimetr, çəkisi isə 33,5 kiloqram təşkil edir. Nəhəng şirniyyatı təxminən 350 dilimə bölmək mümkündür. Tortun hazırlanması prosesi üç gün davam edib.
Çörəkçi Tero Kemppaynen və baş aşpaz Robin Hoppe tortun bişirilməsini uğurla başa çatdırıblar. Tortun bəzədilməsi üçün nəzərdə tutulan üst qatın qaldırılması hər iki ustadan böyük fiziki səy tələb edib.
“Son ştrixlər həmişə ən həyəcanlı hissə olur, amma dörd nəfərlə birlikdə hər şey problemsiz keçdi”, – deyə Kemppaynen bildirib.
Qeyd edək ki, əvvəlki rekord iki il əvvəl qeydə alınmışdı və həmin vaxt “Runeberq” tortunun hündürlüyü 46 santimetr olmuşdu.
Xatırladaq ki, Runeberq Günü hər il fevralın 5-də Finlandiyanın milli şairi Yohan Lüdviq Runeberqin şərəfinə qeyd olunur. Bayram tədbirləri çərçivəsində “Runeberq” tortu xüsusi diqqət mərkəzində olur. Bu məşhur şirniyyatın yaradıcısı şairin həyat yoldaşı Fredrika Runeberq hesab edilir və onun kulinariya kitabındakı resept Porvo şəhərinin rəsmi saytında yer alır.
