Bakı. Trend:
Türkiyənin tanınmış aktyoru Kanbolat Görkem Arslan 45 yaşında vəfat edib.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, son olaraq “Qüds Fatehi Səlahaddin Əyyubi” adlı serialda rol alan aktyor gecəyarısı Beyoğlundakı evində özünü pis hiss edib. Həyat yoldaşının çağırışı ilə evə təcili tibbi yardım gəlib. Arslan ilkin tibbi müdaxilədən sonra Taksim Tədris və Araşdırma Xəstəxanasına aparılıb. Burada göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hacettepe Universitetinin Dövlət Konservatoriyasının Teatr bölməsində aktyorluq təhsili alan Arslan aktyorluq fəaliyyətinə 2004-cü ildə “Çemberimde Gül Oya” serialı ilə başlayıb.
1998-ci ildən etibarən teatr səhnələrində çıxış edən Arslan “Daire”, “Yurt”, “Teslimiyet” kimi bədii filmlərdə, həmçinin “Çemberimde Gül Oya”, “Yer Gök Aşk”, “Ezel”, “Poyraz Karayel”, “Hayat Bazen Tatlıdır” kimi seriallarda rol alıb.
