Bakı. Trend:
"Warner Bros. Discovery" (WBD) "Paramount Skydance" ilə danışıqları bərpa etdiyini və potensial sövdələşmənin şərtlərini təkmilləşdirmək üçün studiyaya bir həftə vaxt verdiyini açıqlayıb.
Trend xəbər verir ki, bu barədə şirkətin rəsmi açıqlamasında bildirilib.
Məlumata görə, "Warner Bros. Discovery" daha əvvəl "Paramount"un səhmləri 30 dollardan geri almaq təklifini rədd etmişdi, lakin hazırda şərtlərin yenidən nəzərdən keçirilməsi üçün 23 fevral tarixinədək vaxt verib.
Mənbələrin bildirdiyinə görə, "Paramount" rəhbərliyi idarə heyətinin sövdələşmə ilə bağlı danışıqlara qayıtmasına ümid edərək təklifi səhm başına 31 dollara qaldırmağa hazır olduğunu bəyan edib.
Danışıqların yeni mərhələsinə baxmayaraq, "WBD" səhmdarlara dekabr ayında artıq razılaşdırılmış "Netflix" ilə müqaviləni dəstəkləməyi tövsiyə etməkdə davam edir. Ümumi dəyəri 82,7 milyard dollar olan bu razılaşma çərçivəsində yayım xidmətinin, film studiyasının və "HBO" kabel kanalının satışı nəzərdə tutulur.
Qeyd olunur ki, səhmdarların fövqəladə yığıncağının keçirilməsi planlaşdırılır və burada sövdələşmənin təsdiqlənməsi məsələsi müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, dekabrın 5-də "Netflix" "Warner Bros."u səhm başına 27,75 dollara almağı planlaşdırdığını açıqlamışdı. Bu razılaşmanın ümumi dəyəri 72 milyard dollar, şirkətin tam dəyəri isə 82,7 milyard dollar olaraq qiymətləndirilmişdi.
