...

Gürcüstan elektrik enerjisi qiymətlərinin əhəmiyyətli artımı ərəfəsindədir

Dünya xəbərləri Materials 26 Aprel 2006 13:13 (UTC +04:00)

Gürcüstan elektrik enerjisi qiymətlərinin əhəmiyyətli artımı ərəfəsindədir. Bu, Rusiya qazının tariflərinin artımı ilə əlaqədardır. Məlum olduğu kimi, 2006-cı ildən Gürcüstan Rusiya qazı üçün əvvəllər olduğu kimi 65 dollar deyil, 110 dollar ödəyir. Trend in verdiyi məlumata görə, bununla əlaqədar, müvafiq olaraq qazla işləyən istilik elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin qiymətləri də artacaq. Qeyd edək ki, onun Gürcüstanda elektrik enerjisi istehsalında payı 20 % təşkil edir.

Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün hökumətə diferensial tariflərin hazırlanması barədə tapşırıq verib. Belə ki, elektrik enerjisini az miqdarda işlədən şəxslər üçün qiymətlərin artımı minimal səviyyədə olacaq. Və əksinə, elektrik enerjisindən daha çox istifadə edənlər daha çox məbləğ ödəməli olacaqlar.

Bu formula yalnız ilk baxışdan daha ədalətli və rasional görünür. Əslində isə, bu, belə deyil. Diferensial tariflərin tətbiqinə hələ Şevarnadzenin dövründə cəhd edilmişdi. Lakin o zaman enerji tariflərinin qaldırılmaması qərara alınmışdı. Çünki bunun üçün aydın və şəksiz səbəblər yox idi.

Görünür, indi o vaxtkı sxemdən istifadə olunacaq. O zaman elektrik enerjisinin qiymətlərinin minimal artımı elektrik enerjisindən parktiki olaraq heç istifadə etməyənlərə tətbiq olunurdu. Lakin həyatda belələrinə rast gəlmək mümkün deyil. Odur ki, minimal artım yalnız kağız üzərində qalır.

Bundan əlavə, iri elektrik enerjisi istifadəçilərinin yalnız özlərinin bundan əziyyət çəkəcəklərini, bunun geniş ictimaiyyətə təsiri olmayacağını dünüməyə dəyməz. Gürcüstanda hansısa bizneslə məşğul olan hər bir kəs ölkədə orta həddən yuxarı enerji sərf edir. Bu isə praktiki olaraq elektrik sərfi tələb edən hər şeyin qiymətlərinin artmasına gətirib çıxaracaq. Beləliklə, xalq istənilən halda əziyyət çəkir. Diferensiallaşmaya istənilən cəhd korrupsiya və çaş-başlığa gətirib çıxaracaq.

Odur ki, prezidentin zərbəni yumşaltmağa bəslədiyi ümidlər hər şeydən əvvəl arzu olunanı həqiqət kimi qələmə verməkdir.

Hazırki vəziyətdən yeganə çıxış yolu energetikanı vergilərin ödənməsindən xilas etməkdir. Bu barədə "Praym-Nyus" məlumat verir.

Xəbər lenti

Xəbər lenti