Corc Buş Amerika qəzetlərini ABŞ-ın milli maraqlarına ziyan vurmaqda günahlandırıb.
Trend agentliyi "Novosti" RİA-ya istinadən xəbər verir ki, bazar ertəsi Ağ Evdə çıxış edən C.Buş aparıcı ölkə qəzetlərinin Amerika administrasiyasının bütün dünyadakı banklar üzərində gizli nəzarət və xarici bank hesabları vasitəsilə pul əməliyyatlarının izlənməsi proqramını ifşa etdiyindən narazılığını bildirib.
"Proqram haqqında məlumatı sızdıran şəxslər, eləcə də onu dərc edən qəzetlər ABŞ-ın milli maraqlarına ziyan vurur" - deyə C.Buş bəyan edib. O vurğulayıb ki, bu məlumatın ictimaiyyətə çatdırılması "terrorizmlə müharibəni çətinləşdirir".
"Bu proqramın ifşa edilməsi utandırıcı haldır" - deyə C.Buş əlavə edib.
3 Amerika qəzeti - "Nyu-York Tayms", "Los-Anceles Tayms" və "Uoll Strit Cornel" Buş administrasiyasının SWIFT elektron banklararası mübadilə sisteminə gizli çıxışı olduğu barədə məlumat yayıb.
Ağ Ev bildirib ki, belə bir çıxış beynəlxalq terror təşkilatlarının maliyyə axınlarının qarşısını almaq məqsədi güdür.