Bu il Ümumdünya Əhali Günü "Kişilər ana sağlamlığının qrunmasında tərəfdaş kimi" şüarı altında keçiriləcək. Bu səbəbdən də əsas diqqət kişilərin qadınların hüququnun qorunmasında mühüm roluna və qadınların seksual və reproduktiv sağlamlığının qorunması hüququna veriləcək. Hər il yarım milyondan çox qadın hamiləlik və doğuş prosesi zamanı dünyasını dəyişir, bu rəqəmin 99%-i isə inkişaf edən ölkələrin payına düşür. Qadınların daha çox hissəsi isə daha ciddi problemlərdən əziyyət çəkirlər ki, bu da kəskin şəkildə onların həyat tərzinə və ailələrinə mənfi təsir göstərə bilər. Bu halların demək olar ki, hər birində ölüm və əzabın qarşısını almaq mümkündür.
Anaların sağlamlığının qorunması işində bir tərəfdaş kimi kişilər həqiqətən də qadınların həyatını xilas edə bilərlər. Bir çox məsələlərdə onlar həlledici rol oynayırlar. Kişilər çox vaxt ailə planlaşdırılması və ailə təsərrüfatı resurslarından istifadə məsələlərinə dair qərar qəbul edirlər və bu bütün ailənin rifahına və onun gələcəyinə birbaşa təsir göstərir. Məlumatlandırılmış ərin dəstəyi hamiləliyin nəticələrini və onun həyat yoldaşının doğuş prosesini yaxşılaşdırır, qadınların təxirəsalınmaz tibbi yardıma ehtiyacı olduğu ağırlaşma hallarında isə kişilərin köməyi onların həyatını xilas edə bilir. Qayğıkeş atalar öz uşaqlarının qayğısına qalmaqda və onların tərbiyəsində mühüm rol oynaya bilər.
Qadınların bir çoxu hamiləlik dövründə və doğuş prosesində dünyasını dəyişir və bunun başlıca səbəbi onların seksual və reproduktiv sağlamlıqlarının qorunması hüququndan məhrum olmalarıdır. Qadınlar arasında HİV virusunun geniş yayılması göstərir ki, dünyanın bir çox rayonlarında qadınların sağlamlıqlarını qorumaq imkanları yoxdur. Qadın öz ailəsini planlaşdıra bilirsə, o, bütün həyatını planlaşdıra bilir. Əgər o sağlamdırsa, nəsil artırmaq qabiliyyəti daha yüksək olur. Onun reproduktiv hüquqları qorunursa o, digərləri ilə bərabər cəmiyyətin həyatında iştirak edə bilər.
Bir çox ölkələr yalnız bir onillik ərzində ana ölümü ilə bağlı göstəriciləri aşağı sala biliblər, buna onlar qadınların ailə planlaşdırılımasına, akuşer xidmətlərə və təxirəsalınmaz akuşer yardımına çıxış əldə etməsi sayəsində nail olublar. Lakin 2015-ci ilə qədər Minilliyin Bəyannaməsində anaların səhhətinin qorunması işinin yaxşılaşdırılması hədəfinə nail olmaq məqsədilə hələ çox işələr görülməlidir.
Bu fəaliyyətə kişilərin tərəfdaş qismində cəlb edilməsi qadınların reproduktiv sağlamlığının və hüquqlarının qorunmasının yaxşılaşdırılımasına yönəlmiş vacib strategiyadır.
Kişi və qadınlar arasında bərabərlik Minilliyin Bəyannaməsində təsbit olunmuş məqsədlərdən biridir və bu, kişilər tərəfindən qadınlar və kişilərin həyatının bərabər olmasını və qadınların hüquq və imkanlarının genişləndirilməsinin hamıya xeyir gətirəcəyi məsələsi etiraf edildikdən sonra həyata keçə bilər. Bu Ümumdünya Əhali Günündə gəlin birlikdə kişiləri insan huquqlarının dəstəklənməsinə və analığın təhlükəsizliyinə gətirib çıxaracaq dəyişikliklərin tərəfdaşı və bələdçisi olmağa çağıraq və bu, güman ki, bütün dünya əhalisinin sağlamlığının möhkəmlənməsinə və imkanlarının genişlənməsinə təsir göstərəcək.