Avropa İttifaqı Kosovonun statusunun danışıqlar yolu ilə həll olunmasına inanmaq istəyir

Dünya xəbərləri Materials 24 İyul 2007 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A.Məhərrəmli/ Avropa İttifaqı ağır nəticələrə səbəb olacaq birtərəfli müstəqillik bəyanatını önləmək üçün bütün vasitələrdən istifadə edərək Kosovonun yekun statusunun danışıqlar yolu ilə həll olunmasına nail olmağa çalışır.

Fransanın xarici işlər naziri Bernar Kuşner (Bernard Kouchner) Belqradı və Priştinanı məsuliyyətli davranmağa dəvət edərək bəyan edib ki, bütün müharibələr sülh yolu ilə qurtarmış və istənilən sülh danışıqlar yolu ilə əldə olunmuşdur.

Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Olli Ren (Olli Rehn) Avropa xarici siyasət idarələri başçılarının əsasən bu məsələyə həsr olunmuş iclasının sonunda bir qədər də irəli gedərək "Biz danışıqlara son şans vermək istəyirik" fikrini söyləyib.

Qeyd edək ki, keçən cümə günü Rusiyanın separatçı serb əyalətinin müstəqilliyinin əleyhinə çıxması səbəbindən vəziyyət tamamilə dəyişib. Belə ki, həmin gün Amerika Birləşmiş Ştatları və Avropa ölkələri BMT-nin Təhlükəsizlik Şurasında Kosovonun statusuna dair qətnamə lahiyəsini səsverməyə qoymamaq barədə qərar veriblər. Bu vəziyyət öz növbəsində Priştinanı 28 noyabrda oz müstəqilliyini elan etməyi nəzərdən keçirməyə sövq edib. Xatırladaq ki, həmin gün Albaniyanın Müstəqillik günüdür. Bu isə Avropada böyük narahatlıq doğurur.

Cənab Kuşner bildirib ki, avropalılar arasında Kosovonun müstəqilliyinə dair "ağır" müzakirələr gedir. Bəziləri ABŞ kimi bunun lehinə olduğu halda, digər ölkələr, məsələn, Fransa və İspaniya bunun təhlükəli presedent olduğunu əsas gətirərək əleyhinə çıxırlar.

"Biz həmfikir olmalıyıq. Bu, Rusiyanın Aİ-yə bir az sərtliklə qəbul etdirmək istədiyi əlavə bir sınaqdır" - deyə o qeyd edib.

Fransalı nazir Kosovo əhalisini birtərəfli müstəqillik bəyanatı verməkdən çəkindirməyə çağırıb.

Serblərlə kosovolular arasında yeni danışıqlara başlamaq üçün diplomatik vasitələrin işə salınacağı bildirilir. Məqsəd hamı tərəfindən qəbul olunacaq həll yolunu tapmaq üçün danışıqlara noyabr ayına kimi, yəni 120 gün vaxt verməkdir.

Məsələnin digər tərəfi danışıqların BMT-nin Təhlükəsizlik Şurası xaricində Əlaqə qrupunun himayəsi altında, yoxsa digər formatda aparılması ilə bağlıdır.

Bəziləri danışıqların Aİ, ABŞ və Rusiyanın daxil olduğu "üçlük" tərəfindən aparılmasına üstünlük verir. Onların qənaətinə görə, bu variant Avropani məsələyə vahid mövqedən yanaşmağa təhrik etməyə imkan verəcək.

Əlaqə qrupu Böyük Britaniya, Fransa, Italiya, ABŞ, Almaniya və Rusiyadan ibarətdir.

Xəbər lenti

Xəbər lenti