...

Tadahiro Abe: "Yaponiya Azərbaycanın dünya ictimaiyyətinin həqiqi üzvü olması üçün əlindən gələni edəcək"

Siyasət Materials 18 Noyabr 2005 14:38 (UTC +04:00)
Tadahiro Abe: "Yaponiya Azərbaycanın dünya ictimaiyyətinin həqiqi üzvü olması üçün əlindən gələni edəcək"

Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirinin Trend ə müsahibəsi

- Cənab səfir, Azərbaycanla Yaponiya arasında əməkdaşlığın hazırki səviyyəsini necə qiymətləndirirsiniz? Hər iki ölkə arasında münasibətlərin inkişafı üçün hansı sahələr daha çox perspektivlidir?

- Azərbaycanla Yaponiya arasında qarşılıqlı anlaşma və qarşılıqlı münasibətlər bütün sahələri əhatə edir. Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra demokratiya və iqtisadi inkişaf uğrunda səy göstərir. Təcrübəmə əsaslanaraq qeyd etmək istəyirəm ki, Azərbaycan hökuməti və xalqı bu yolda çox şeyə nail olub. Ölkələrimizin coğrafi mövqe baxımından bir-birindən uzaqda yerləşməsinə, aramızda böyük məsafə olmasına baxmayaraq biz Azərbaycan xalqına dostluq münasibəti bəsləyirik.

Yaponiyanın konstitusiyasında yazıldığı kimi, bizim ölkə qlobal sülhün tərəfdarıdır. Biz Azərbaycanın regionda, o cümlədən bütün dünyada sabitliyin və sülhün bərqərar olması yolunda səylərini yüksək qiymətləndirirk. Bununla əlaqədar Yaponiya hökuməti və xalqı Azərbaycanın inkişafı üçün sülhə nail olunması məqsədilə bu ölkə ilə gələcəkdə də əməkdaşlıq etməyə hazırdır.

Biz Azərbaycana daha çox iqtisadi yardım göstərməyə çalışırıq. Azərbaycanda sülhün bərqərar olması və xalqın rifahının yaxşılaşması iqtisadi inkişafdan çox asılıdır.

İqitisadi yardım Yaponiyanın xarici siyasətində əsas amillərdən biridir. Bu mənada biz Azərbaycanda ODA-İnkişafa rəsmi yardım proqramını həyata keçiririk. Azərbaycanın uğurla inkişaf etdiyini görmək bizim üçün xoşdur. Hər iki ölkə arasında əməkdaşlığın səviyyəsinə gəldikdə, deməliyəm ki, biz bu sahədə həqiqətən də böyük nailiyyətlər əldə etmişik.

Azərbaycanla Yaponiya arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub və o vaxtdan bəri Yaponiya bu ölkəyə $ 690 mln məbləğində vəsait ayırıb. Yaponiyanın Azərbaycandakı səfirliyi 2000-ci ildə açılıb. Mən Yaponiyanın Bakıda üçüncü səfiriyəm və fəaliyyətim ərzində Azərbaycana $ 280 mln məbləğində vəsaitin ayrılmasına köməklik etmişəm. Biz Azərbaycanın inkişafına nail olmaq məqsədilə onunla əməkdaşlıq etmək üçün böyük səy göstəririk.

Bizim əməkdaşlığımız iqtisadi infrastruktur, sosial sektor, süni suvarma sistemi, yolların inşası, həmçinin, kənd təsərrüfatı kimi bir çox sahələri əhatə edir. Təcrübəmizə əsaslanaraq deyə bilərəm ki, iqtisadi cəhətdən inkişaf etmək üçün həm iqtisadiyyat, həm də sosial sahələrdə qeyd olunan aspektlərin səviyyəsini qaldırmaq lazımdır və biz bu yolda Azərbaycana hər zaman kömək etməyə hazırıq.

Mədəniyyət sahəsində əməkdaşlıq digər əsas aspektlərdən biridir. Biz hesab edirik ki, təkcə iqtisadi fəaliyyətlə deyil, həm də mədəniyyət sahəsində fəaliyyətlə də qarşılıqlı anlaşma yaratmalıyıq. Məhz mədəniyyət vasitəsilə qarşılıqlı anlaşma yaranır və inkişaf edir. Biz Azərbaycanda müxtəlif mədəniyyət tədbirləri keçirmişik, məktəbləri avadanlıq və musiqi alətləri ilə təchiz etmişik. Bundan başqa, bu il Yaponiyada Azərbaycanın da uğurla iştirak etdiyi "Ekspo 2005" sərgisini də keçirimişik. 22 milyondan artıq adamın gəldiyi bu sərgidə Azərbaycanın stendi böyük maraq doğurmuşdu. Bu, Azərbaycan üçün özünü Yaponiya xalqına və sərgiyə gələnlərə tanıtmaq istiqamətində böyük imkan idi. Mayda sərgi çərçivəsində ölkənin baş nazirinin müavini Abid Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Azərbaycan günü keçirilib. Azərbaycan günü yaponiyalılarda bu ölkənin mədəniyyətinə böyük maraq doğurub.

Azərbaycanda fəaliyyət göstərdiyim gündən çalışıram ki, ölkələrimiz arasında münasibətlər daha da inkişaf etsin və hesab edirəm ki, bu istiqamətdə mən əlimdən gələni edə biləcəyəm. Mən Azərbaycanla Yaponiya arasında ikitərəfli münasibətlərin gələcək inkişafına nikbinliklə baxıram.

- Yaponiyanın Bakıda səfirliyinin açıldığı andan bu vaxta qədər hər iki ölkə arasında əməkdaşlığın prioritetləri dəyişibmi?

- Mən artıq qeyd etdim ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə demokratiyanın bərqərar olması və bazar iqtisadiyyatının inkişafı yolunda səy göstərir. Sovet dövrünün 7-8 onilliyi ərzində Azərbaycan ağır sınaqlardan keçib və Yaponiya ölkənin demokratiyaya və bazar iqtisadiyyatına doğru inkişafında köməklik göstərmək istərdi. Çünki Yaponiyanın bu sahədə böyük təcrübəsi var. O, bu təcrübəni Azərbaycanla bölüşmək istəyir. Yaponiya üçün iqtisadiyyatın inkişafı əsasdır.

Azərbaycanın iqtisadi infrastrukturu inkişaf etməli, xalqın yaşayış səviyyəsi yaxşılaşmalıdır və biz bu istiqamətdə ölkə hökumətindən yardım göstərməklə bağlı müraciətlər alırıq. Bu prioritetlər səfirilyin açılış günündə müəyyən edilib və bu vaxta qədər də dəyişməz olaraq qalıb.

- 6 noyabr parlament seçkilərinin nəticələrini necə qiymətləndirirsiniz?

- Bu məsələ maraqlı olduğu qədər də də mürəkkəbdir. Mən tez-tez Azərbaycanın rəsmi şəxsləri ilə görüşürəm və məndə belə təəssürat yaranır ki, hökumət ölkədə demokratiya mexanizmlərini tətbiq etmək istəyir. Hesab edirəm ki, bu mexanizmlər hökumətlə xalq arasında razılaşdırılmalıdır. Bundan başqa, demokratik dövlət yaratmaq üçün həm də vaxt lazımdır.

Azərbaycan xalqı demokratiyanın nə olduğunu özü dərk etməlidir. Bunun üçün isə savad tələb olunur. Xalq artıq "demokratiya" konsepsiyası və real demokratiya arasındakı fərqi az da olsa görür. Mən bununla əlaqədar Azərbaycan xalqını təbrik etmək istərdim.

Azərbaycan hökuməti seçkilərin demokratik keçirilməsi üçün lazımi tədbirlər görmüş, Azərbaycan prezidentinin fərmanları isə seçki mexanizmlərinin təkmilləşdiriliməsinə yönəldilmişdi. Bu səylər, sözsüz, tərifə layiqdir. Əsas məsələ Azərbaycan xalqının ədalətli və azad seçkilərdə iştirak etdiyini hiss edə bilməsidir. Azad və ədalətli seçkilərin keçirilməsi Azərbaycanın əsl demokratik ölkəyə çevrilməsinə imkan verən əsas amillərdən biridir.

- Siz beynəlxalq təşkilatlar çərçivəsində Yaponiya ilə Azərbaycan arasında əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Yaponiya Azərbaycanla bir çox beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Bizim əməkdaşlıq təcrübəmiz göstərib ki, hər iki ölkə beynəlxalq təşkilatlarda fəaliyyəti zamanı bir-birinə dəstək olub. Biz Azərbaycanın dünya ictimaiyyətinin həqiqi üzvü olması üçün istənilən imkandan istifadə etməyə çalışır və ümid edirik ki, bu, ikitərəfli münasibətlərin inkişafında öz bəhrəsini verəcək.

- Yaponiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyir. Problemin sülh yolu ilə nizamlanmasında Yaponiyanın rolu nədən ibarət ola bilər?

- Sovet İttifaqı dağıldıqdan sonra keçmiş sovet məkanı bir çox münaqişələr meydanına çevirilib. İstənilən regional münaqişənin həlli mürəkkəb prosesdir. Dünya ictimaiyyəti münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır. Yaponiya onların güc yolu ilə deyil, sülh yolu ilə həllini dəstəkləyir və ümid edir ki, Minsk qrupunun fəaliyyəti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində irəliləyişə nail olunacaq. Bu məsələdə Yaponiyanın rolu həmin münaqişədən zərər çəkmiş Azərbaycanın məcbüri köçkünlərinə yardım göstərməkdən ibarətdir.

- Əgər Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunarsa, Azərbaycanın işğal olunmuş ərazilərində reabilitasiya proqramınını həyata keçirilməsində Yaponiyanın iştirak etmək niyyəti varmı?

- Əgər sülhə nail olunarsa, o zaman Yaponiya hökuməti Azərbaycana belə yardımın göstərilməsi ilə bağlı məsələyə baxacaq.

- Bu gün Yaponiya Azərbaycanın enerji resurslarının işlənməsinə, onların dünya bazarlarına nəqli proseslərinə cəlb olunub. Bu əməkdaşlığın perspektivləri nədən ibarətdir?

- Azərbaycan təbii sərvətlərlə zəngin ölkədir və hesab edirəm ki, bu sərvətlər arasında ən əhəmiyyətlisi neft və qazdır. Əgər siz bu sərvətləri insan ehtiyatları ilə birləşdirə bilsəniz, o zaman Azərbaycanın parlaq gələcəyindən danışmaq olar. Bildiyiniz kimi, bu yaxınlarda dünya bazarlarında neftin qiyməti 60 dollara qədər qalxıb və bu sahə ölkənin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Düşünürəm ki, Azrəbaycan dünya bazarlarına enerji daşıyıcılarının tədarükündə aparıcı möbvqe tutur. Yaponiya şirkətləri Azəri-Çıraq-Günəşli layihəsinin işlənib-hazırlanmasına cəlb olunub və burada onların payı 13,9%, BTC layihəsində isə 5,9%-dir.

AÇG yatağında neft hasilatından sonra biz birbaşa olaraq Yaponiyaya neft tədarük edə bilmirik və bizim payımız Avropa bazarlarına çıxarılır.

Azərbaycan neftinin hasilatında bizim iştirakımızın əsas səbəi ondan ibarətdir ki, Azərbaycan öz nefini dünya bazarlarına ixrac etməklə dünyada neftə olan tələbatı ödəyir. Azərbaycan nefti neft hasilatının dünya səviyyəsində sabitləşməsinə kömək edir. Yaponiya bu istiqamətdə Azərbaycanın rolunu yüksək qiymətləndirir və özü də həmin prosesdə fəal iştirak edir.

Xəbər lenti

Xəbər lenti