...

Xədicə İsmayılın kompensasiya iddiası üzrə məhkəmə iclası keçirilib

Cəmiyyət Materials 17 Avqust 2016 15:31 (UTC +04:00)
Bu gün Səbail rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə jurnalist Xədicə İsmayılın Baş Prokurorluqdan kompensasiya iddiası üzrə məhkəmə iclası keçirilib.
Xədicə İsmayılın kompensasiya iddiası üzrə məhkəmə iclası keçirilib

Bakı. Samir Əli - Trend:

Bu gün Səbail rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə jurnalist Xədicə İsmayılın Baş Prokurorluqdan kompensasiya iddiası üzrə məhkəmə iclası keçirilib.

Trend-in məlumatına görə, məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı avqustun 24-nə təyin edilib.

Qeyd edək ki, X.İsmayıl iddia ərizəsində göstərib ki, 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə ittiham edilərək həbs olunub. O, ötən il martın 6-dək məhz 125-ci maddə ilə həbsdə saxlanılıb. Jurnalist 91 gün həbsdə saxlandığı üçün Baş Prokorluqdan 29 min 30 manat kompensasiya tələb edib.

Onu da qeyd edək ki, X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustayevi özünü öldürmə həddinə çatdırmaqda şübhəli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra X.İsmayıla qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilib.

X.İsmayıla Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə bəraət verilsə də, o, digər maddələr üzrə 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən X.İsmayılın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.

Sonradan X.İsmayıl Cinayət Məcəlləsinin 192-ci maddəsi üzrə işə xitam verilməsini istəyib. Məhkəmə onun barəsində seçilmiş cəza müddətini 3 il 6 aydan 2 il 3 aya qədər azaldıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti