Azərbaycan, Bakı, 16 may /Trend, müxbir A.Axundov/
Bu gün plastik kart bazarının inkişaf tempinə görə Azərbaycan Türkiyə ilə eyni səviyyədədir.
Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Beynəlxalq Bankının (ABB) Bank kartları şöbəsinin baş mütəxəssisi Könül Sultanovanın Vergilər Nazirliyinin "Vergilər" qəzetinə müsahibəsində deyilir.
"2012-ci il yanvarın 1-dək Azərbaycanda 4,58 milyon aktiv kart qeydiyyata alınıb. 2011-ci ildə kartlarla aparılan əməliyyatların sayı 51 milyona çatıb. Bu isə təqribən bir karta 12 əməliyyat düşdüyünü göstərir. Müqayisə üçün bildirək ki, Ukraynada hər karta 1, Polşada isə 3-4 əməliyyat düşür. Bu gün Azərbaycanda kartdan istifadənin inkişaf tempi Türkiyə ilə eyni səviyyədədir", - Sultanova bildirib.
Onun sözlərinə görə, hazırda Avropa ölkələrində tam nağdsız bazar sisteminə keçidi planlaşdırırlar.
"Məsələn, Türkiyədə bunu 2023-cü ilədək etməyi nəzərdə tuturlar. Azərbaycanda kart bazarının artım tempini nəzərə alsaq, inanıram ki, həmin tarixə ölkəmizi də bu sırada görə bilərik. Xarici ölkələrin təcrübəsi əsasında deyə bilərik ki, elektron ticarət xidmətlərindən istifadə çox əhəmiyyətlidir. Avropa ölkələrində alıcılar tərəfindən bu xidmətdən istifadə halları son üç ildə hər il 50 faiz artıb", - Sultanova qeyd edib.
Onun sözlərinə görə, ABB-nin Azərbaycanda nağdsız iqtisadiyyat qurmaqla bağlı təklifi bu prosesin stimullaşdırılması ilə əlaqədardır.
"Bu istiqamətdə KİV ilə vətəndaşlara kartdan istifadə barədə geniş məlumat verməyə çalışırıq. Eyni zamanda, ticarət müəssisələri üçün də həvəsləndirici güzəşt kampaniyaları hazırlanır. Kart əməliyyatlarının sayı artdıqca prosessinq şirkətləri tərəfindən xidmət tariflərinin endirilməsi də stimulverici bir addım olardı" , - Sultanova deyib.
Hazırda ABB kartlarının sayı 1,87 milyon ədəd təşkil edir ki, bunların 1,827 milyonu debet, 43 mini isə kredit kartlarıdır. Bununla da ABB ölkənin plastik kart bazarınln 40 faizini təmin edir.
"Mağazalarda, butiklərdə, restoranlarda, hotellərdə və başqa obyektlərdə kartlardan istifadə etmək üçün ABB 3978 POS-terminal yerləşdirib. Onların sayı günbəgün artır", - Sultanova vurğulayıb.