...

Azərbaycan Dağlıq Qarabağda qondarma "bələdiyyə seçkiləri" məsələsini ATƏT PA-nın sessiyasında qaldıracaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Sentyabr 2011 14:59 (UTC +04:00)
ATƏT-in Parlament Assambleyasının sessiyasında Dağlıq Qarabağda qondarma "bələdiyyə seçkiləri" ilə bağlı Azərbaycanın mövqeyi səsləndiriləcək.
Azərbaycan Dağlıq Qarabağda qondarma "bələdiyyə seçkiləri" məsələsini ATƏT PA-nın sessiyasında qaldıracaq

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir M.Əliyev/

ATƏT-in Parlament Assambleyasının sessiyasında Dağlıq Qarabağda qondarma "bələdiyyə seçkiləri" ilə bağlı Azərbaycanın mövqeyi səsləndiriləcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

"ATƏT PA-nın payız sessiyasında Dağlıq Qarabağda qondarma "bələdiyyə seçkiləri" ilə bağlı Azərbaycanın mövqeyi də səsləndiriləcək və legitimləşdirilməyə doğru atılan bu tip addımlara dəstək verən dairələrin hərəkətləri qınanacaq", - Muradova deyib.

ATƏT-in Parlament Assambleyasının payız sessiyası çərçivəsində oktyabrın 8-də "Həll olunmamış münaqişələrdə ATƏT-in rolu - Dağlıq Qarabağ" mövzusunda müzakirələr aparılacaq.

Muradovanın sözlərinə görə, müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndələri iştirak edəcək, həmsədrlərin məruzələri dinləniləcək.

Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda bazar günü qondarma "bələdiyyə seçkiləri" keçirilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti