...

Ağsu aşırımının sürüşmə sahələrində çökmələr baş verir

Cəmiyyət Materials 19 Mart 2012 10:51 (UTC +04:00)
Ağsu aşırımında sürüşmə təhlükəsi artıb.
Ağsu aşırımının sürüşmə sahələrində çökmələr baş verir

Azərbaycan, Bakı, 19 mart / Trend müxbir İ.İsabalayeva/

Ağsu aşırımında sürüşmə təhlükəsi artıb. Bunu bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.

Onun sözlərinə görə, hazırda Ağsu aşırımında sürüşmə sahələrinin hamısında səthi yuyulmalar - sürüşmə səthi üzərində qruntun axması və nisbi çökmələr müşahidə edilir.

"Sürüşmə kütləsi nisbi stabil vəziyyətdədir, ancaq səthi yuyulmalar müşahidə edilir. Artıq qrunt islanıb, sürüşmə kütləsinin üst hissəsində qruntun axması müşahidə edilir. Bu, artıq həmin sahədə sürüşmə ehtimalını artırır", - baş mühəndis əlavə edib.

O bildirib ki, hazırda Şamaxıdakı sürüşmə sahələrində aktivləşmə baş verir. Qar əridikcə sürüşmə kütləsində islanma gedir və süxurlar axıcı vəziyyətə gəlir.

"Dünən və srağagün 6 sürüşmə sahəsində müşahidə apardıq. Həmin yerlərin hər birində sürüşmə aktivləşir. Muğanlı sürüşmə sahəsində aktivləşmə daha çoxdur", - Niftiyev qeyd edib.

O bildirib ki, hazırda sürüşmə sahələri Ağsu aşırımının giriş hissəsində, Şamaxı rayonun Muğanlı kəndində, Çələbilər kəndinin cənub hissəsində, Muğanlı-İsmayıllı yolunun 2-ci kilometrliyində, Çağan kəndi, Dədəgünəş kəndi ərazisində və Şamaxı şəhərinin yuxarı hissəsindədir.

"Bu ərazilərdə aktivləşmə gedir. Ən təhlükəlisi Muğanlı kəndi ərazisindədir. Ötən il Muğanlı kəndi ərazində 14 ev sürüşmə kütləsi üzərində qalmışdı. Bizdə olan məlumata görə, 3 ailə çıxarılıb. Artıq 2 ev də sürüşmə sahəsinin ərazisinə düşüb. Hazırda 16 fərdi yaşayış evi bilavasitə sürüşmə kütləsinin üzərindədir", - Niftiyev əlavə edib.

Baş mühəndisin sözlərinə görə, cənub bölgəsindəki sürüşmə sahələrində nisbi sakitlikdir. Bu bölgədə son iki gündə sürüşmə ilə bağlı ciddi problem yaranmayıb.

Xəbər lenti

Xəbər lenti